Bakı Nəqliyyat Agentliyi yaranmış vəziyyətlə əlaqədar tədbirlərini davam etdirir

04.07.2018
Sərnişindaşımada mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir. Görülən təcili təxirəsalınmaz tədbirlər nəticəsində Qara Qarayev prospekti boyunca xüsusən bu istiqamətdə olan metrostansiyaların ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib və vəziyyət normallaşmaqdadır. Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzindən ətraf ərazilərə gedən avtobuslar normal fəaliyyət göstərir. 1 və 13 nömrəli marşrut xətti üzrə avtobusların intervalında müəyyən gecikmələr var ki, bu da yollardakı sıxlıqla bağlıdır. Bununla yanaşı, Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində bir qədər sıxlıq var. Analoji vəziyyət şəhərin bir sıra mərkəzi küçələrində də müşahidə edilir. Bunun da avtobusların hərəkətinə mənfi təsirini azaltmaq üçün zəruri tədbirlər görülür, ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir. Metronun “20 yanvar” və “Nizami” stansiyaları ətrafında da müəyyən narahatlıq müşahidə edilirdi, artıq bu ərazilərdə də vəziyyətə tam nəzarət edilir. Buradan keçən xətlər üzrə daşıyıcılar və BNA əməkdaşları xüsusi rejimdə çalışırlar. 
Bir daha müraciət edirik ki, belə olan halda vətəndaşlar maksimum dərəcədə ictimai nəqliyyatdan istifadə etsinlər. Çünki hazırda hərəkətin təşkilində müəyyən çətinliklər var. Bunların da aradan qaldırılması üçün zəruri işlər görülür. 
Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, bəzi küçə və prospektlərdə svetoforların işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olsunlar.