“BakuBus” MMC-yə məxsus avtobuslarda avqust ayında tapılan sənəd və əşyalar

11.09.2020

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 15 ədəd çanta, 3 ədəd açar, 2 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd mobil telefon, 1 ədəd  pulqabı, 1 ədəd qovluq, 1 ədəd zərf və 1 ədəd eynək avqust ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, avqust ayında avtobuslarda tapılan 10 nəfərə  məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus tələbə bileti, 1 nəfərə məxsus sürücülük  vəsiqəsi və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılması üçün “Poçtap”  xidmətinə təqdim olunub. 

Həmçinin, 11 ədəd müxtəlif kart, 9 ədəd açar, 4 ədəd pulqabı, üzərində “100 билетов” yazılan 3 ədəd əskinaz formasında kağız, 1 ədəd çanta və 1 ədəd eynək Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar  şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları  (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq  məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus”MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.