BAĞLA
Lökbatan

Bakı Nəqliyyat Agentliyi yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "HUBlar konsepsiyası" çərçivəsində daha bir layihəni uğurla reallaşdırıb. Söhbət, “Lökbatan” dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasından gedir. Mərkəzin yaradılmasında məqsəd, paytaxtın cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır. 

“Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasını şərtləndirən digər vacib məqam isə dairə yaxınlığından müəyyən intervallarla ölkənin müxtəlif şəhər və rayonlarına ümumilikdə 50-60 ədəd kiçik və iritutumlu avtobusların hərəkət etməsi, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıma xidməti göstərməsidir. Bununla yanaşı, “Lökbatan” dairəsi istiqamətində müntəzəm sərnişindaşıma xidməti göstərən müxtəlif növ nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradırdı. Xüsusilə yol kənarında dayanacaq və gözləmə məntəqələrinin olmaması səbəbindən vətəndaşlar avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Belə olduğu halda, avtobus və taksilər sərnişinlərin minib-düşməsinə ciddi təhlükə yaratmaqla bərabər, günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdular.

Koroğlu

Metronun "Koroğlu" stansiyası ətrafında 2016-cı ilin aprelində ilk Nəqliyat Mübadilə Mərkəzi istifadəyə verilməklə, gözlənilən nəticəni əldə etmək mümkün oldu. 2019-cu ildə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində yenidənqurma işləri başa çatdırılıb. Mərkəzdə: 

  • 4 platformadan ibarət avtobus terminalı;

  • Müasir İT avadanlıqları, soyutma və istimə sistemləri ilə təchiz edilən 10 gözləmə zalı, tibb məntəqəsi, ana və uşaq otağı və sanitar qovşağı inşa edilib;

  • 2 min 200 m2 sahədə yaşıllıq salınaraq və 100-dən çox ağac əkilib;

  • 1300 m2 sahədə avtobusların hərəkəti üçün nəzərdə tutulan asfalt-beton yolları salınıb;

  • Yol nişanları quraşdırılıb və xətlənmə işləri həyata keçirilərək, məlumatlandırıcı lövhələr və ödəmə terminalları yerləşdirilib.
 

25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılış mərasimi baş tutmuşdur.


Dərnəgül

Bakı Nəqliyyat Agentliyinin yaranması ilə paytaxtımızın nəqliyyat sektorunda, xüsusilə də ictimai nəqliyyatda əhalinin rahatlığına yönəlik mühüm yeniliklərin reallaşdırılmasına başlanıldı. Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili məhz belə yeniliklərdəndir. Bununla bağlı hazırlanan Konsepsiyaya uyğun olaraq, daha bir Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib. Metronun "Dərnəgül” stansiyasının yaxınlığında isifadəyə verilən Mərkəzin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni Mərkəzə köçürülüb. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan Mübadilə Mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə, eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.